Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasına xidmət edən Tədbirlər Planınında tullantıların düzgün idarə edilməsi daxil olmaqla ətraf mühitin mövcud vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzalanan sərəncamla “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Bakı şəhərində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalmaqla, tullantıların yerləşdirilməsi və zərərsizləşdiriləməsi “Təmiz Şəhər" ASC-yə tapşırılmışdır. 12 mart 2009-cu ildə dövlət qeydiyyatına alınan “Təmiz Şəhər” ASC Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun quraraq, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyətə başlamışdır. Ölkə başçısı tərəfindən 22 sentyabr 2021-ci il tarixində imzalanan sərəncamla “Təmiz Şəhər” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş və yeni tərkibdə müşahidə şurasının tərkibi təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan sərəncam və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli sərəncamında dəyişiklik edilməsi ilə bağlı 2 iyul 2022-ci il tarixli fərmanı ilə “Təmiz Şəhər” ASC-nin fəaliyyət dairəsi genişləndirilərək, işğaldan azad edilən ərazilərdə bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.