Nəqliyyat vasitələrinin utilizasiyası

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 iyul tarixli 2253 nömrəli Fərmanı ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator təyin edilmişdir. Operatorun fəaliyyətinin əsas istiqamətlərinə aiddir:

  • nəqliyyat vasitələrinin utilizasiyası fondu;
  • nəqliyyat vasitələrinin utilizatorlarının reyestri;
  • nəqliyyat vasitələrinin utilizatorlarından və satıcılarından yazılı məlumatlar;
  • təsdiqedici sənədlərin uçotu.


Proqramın tətbiqi çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 27 yanvar tarixli 4279 nömrəli Sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılmışdır.

Qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini təsdiqedici sənəd vermək hüququ ilə yalnız operator tərəfindən müvafiq reyestrdə qeydiyyata alınmış utilizatorlar həyata keçirə bilər.

Utilizatorlar nəqliyyat vasitələri utilizasiyaya verildikdə onları utilizasiyaya verən şəxslərə təsdiqedici sənəd verirlər. Təsdiqedici sənədə malik şəxs yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini güzəştlə əldə etmək, yaxud müvafiq güzəşt məbləğinin 70% həcmində birdəfəlik ödəniş almaq hüququ əldə edir.