Böyükşor gölünün ekoloji bərpası
2014-cü il 17 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il tarixli Fərmanına uyğun olaraq həyata keçirilən işlər nəticəsində ərazi tamamilə bərpa edilib. İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə “Təmiz Şəhər” ASC layihənin birinci mərhələsini 2015-ci ilin may ayında təhvil vermişdir. Burada salınmış bulvar və parkın açılışını edən ölkə başçısı cənab İlham Əliyev və Mehriban xanım Əliyeva ərazidə aparılan işlərlə tanış olublar.
İnsanların istifadəsinə verilən bu ərazi bir vaxtlar ekoloji gərginliyin müşahidə edildiyi zona olduğu halda indi Bakının ən gözəl istirahət məkanlarından birinə çevrilib. İlkin mərhələsi “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən bərpa layihəsində təmizlənməsi nəzərdə tutulan hissənin təcrid edilməsi məqsədilə 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü iki hissəyə ayrılıb. Bu bəndin üzərindən hazırda Ziya Bünyadov prospekti ilə Balaxanı şossesini birləşdirən magistral yol çəkilib. Sovet dövründən etibarən Böyükşor gölünə axıdılan sənaye və məişət tullantı sularının qarşısı böyük həcmdə alınıb. Belə ki, layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılırdı. Gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86 min mq/kiloqrama enib, bu da artıq ekoloji normalar səviyyəsində olması deməkdir. Layihə ərazisinin cənub sahili boyunca kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Neftlə çirklənmiş əsas ərazi – layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Qədim Balaxanı neft yataqlarının gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca 1850 metr uzunluğunda bənd inşa olunub. Eyni zamanda, bir əsrdən artıq müddətdə göl dibinə yığılmış çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülüb. Layihənin ilkin mərhələsində 2,8 milyon kub metr həcmində çöküntü gölün dibindən çıxarılaraq zərərsizləşdirilib. Gölün birinci mərhələsi üzrə tikinti işlərinin başa çatdırıldığı sahə 15 hektardan çox ərazini əhatə edir. Neftlə çirklənmiş torpaqlar təmizlənmiş və gölün şərq sahilində metal lövhələrlə yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınaraq drenaj sistemi qurulmuşdur. Sahilboyu gəzinti zolağı ilə əhatələnən gölün ətrafında idman və uşaq oyun meydançaları quraşdırılmış, ayrıca qaçış və velosiped zolaqları salınmış, ekoloji mühitin daha da yaxşılaşdırılması məqsədi ilə 80 minə yaxın ağac və kol əkilmişdir.
Böyükşor gölünün bərpası layihəsinin birinci mərhələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar çərçivəsində həyata keçirilib.