"Təmiz Şəhər" ASC-nin Şuşada çalışan əməkdaşları təltif olundu

04/07/2022 17:32

İşğaldan azad edilən ərazilərdə dağıdılan infrastrukturun bərpası üzrə həyata keçirilən fəaliyyətlər çərçivəsində bərk məişət tullantıların düzgün idarə edilməsi vacib istiqamətlərdən biri hesab olunur. “Təmiz Şəhər” ASC-nin bu sahədə müsbət təcrübəsi nəzərə alınaraq, 22 iyun 2021-ci il tarixində ölkə başçısı tərəfindən imzalanan sərəncamla Şuşa şəhərində əmələ gələn bərk məişət tullantılarının  idarə edilməsi   cəmiyyətə  həvalə edildi. Qısa müddət ərzində küçələr və binalar tullantılardan təmizləndi və ilkin çeşidlənmə məqsədi ilə şəhərdə 2 rəngdə olmaqla 200-ə qədər tullantı qutusu  yerləşdirildi. Hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində tullantıların müasir standartlara uyğun idarə edilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. "Təmiz Şəhər" ASC-nin Şuşada çalışan əməkdaşları Şuşa şəhərinin ictimai-siyasi həyatında və şəhərin quruculuq işlərində fəal iştirak etdiklərinə görə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təltif olunublar.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən imzalanan digər fərmanla  tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilib. Fərmana əsasən Azərbaycanda bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılanadək, işğaldan azad edilən ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər”ASC-yə tapşırılıb. Fərmana uyğun olaraq Tərtər rayonunda əmələ gələn bərk məişət tullantılarının yerləşdirmə və zərərsizləşdirməsi də Cəmiyyətə həvalə edilib.