Tullantıdan Sənətə Sərgisi

İncəsənət və gözəllik axtarışı bizi gələcəklə bağlı daha böyük ümidlərlə yaşamağa sövq edir. Ətraf mühitin çirklənməsi nəticəsində qarşılaşdığımız çətinliklər, müşahidə edilən iqlim dəyişkliyinin yaratdığı təhlükələr bəzən incəsənət vasitəsi ilə daha təsirli görünür. İncəsənət insan həyatının önəmliliyini, xaosun gözəlliyə və cəsarətə çevrilə biləcəyini bir daha hiss etdirir.

2012-ci ildən etibarən Bakının Qala qəsəbəsində “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi keçirilir. Ötən müddət ərzində Azərbaycan da daxil olmaqla dünyanın 44 ölkəsindən olan 180-ə qədər yaradıcı şəxslər ecazkar əsərlərini tamaşaçılara təqdim ediblər. Əsasən məişət tullantılarından hazırlanmış əsərlərin bədii dəyəri ondan ibarətdir ki, onlar incəsənətin hətta tullantını emal və “həzm” etmək iqtidarında olduğunu əyani surətdə nümayiş etdirir. Festival ilk növbədə, geniş ictimaiyyətin diqqətini meqapolis üçün təhlükəli, bəzən qarşısıalınmaz ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır. Bu hədəfə çatmaq üçün incəsənətin zərif və heyranedici çevriliş gücündən yaranan nümunələrinin hər biri ilk baxışdan nəzərə çarpmayan gizli gözəlliyin sirlərini üzə çıxarır.