Tullantılar “Yay məktəbi”nin müzakirə mövzusu oldu

30/06/2021 11:50

Yay tətili günlərində ümumi təhsil müəssisələrində təşkil olunan “Yay məktəbi”ndə məktəblilərlə tullantıların idarə olunması mövzusunda maarifləndirici söhbət aparılıb. Şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsinə xidmət edən “Yay məktəbi”ndə şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması barədə ətraflı məlumat verilib.
Ətraf mühitin mühafizəsində və tullantıların idarə olunmasında hər kəsin töhfə verə biləcəyini qeyd edən “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Səbuhi Babayev bu sahədə birgə fəaliyyətin vacibliyini vurğulayıb və şagirdlərə tullantıların səmərəli xammal olduğunu izah edib.
Təhsil müəssisələri ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən “Təmiz Şəhər”in nümayəndəsi ənənəvi olaraq hər il emal müəssisələrinə və “Tullantıdan sənətə” muzeyinə təşkil edilən ekskursiyaların qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirilib. Sonda iştirakçılara hədiyyələr, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə bağlı məlumatlandırıcı kitabçalar və bukletlər təqdim edilib.