ATMA-YARAT-SAT adlı sosial layihənin təqdimat mərasimi keçirilib

25/12/2021 15:18

Yaradıcı insanların toxunuşu ilə lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi zövq oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur. Bu prosesə dəstək vermək məqsədi ilə ilk dəfə olaraq ATMA-YARAT-SAT adlı sosial layihəyə başlanılıb. Layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edib.    

“Təmiz Şəhər” ASC nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutan ATMA-YARAT-SAT sosial layihəsinin məqsədi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməkdir.

Sosial layihənin ənənəvi olaraq hər il keçirilməsi və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur. Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyində təqdimat mərasimi keçirilən layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunmaqla yanaşı satışı da təşkil edilib.

Tədbirə Qala qəsəbəsində yaşayan şəhid  ailələrinin övladları da iştirak edib və Vətən müharibəsi qəhrəmanı Ramiz Qasımovun övladı Gülanə Qasımovanın rəsm əsərləri nümayiş olunub.

Bir sıra dövlət qurumlarının dəstək verdiyi layihə çərçivəsində  ziyarətçilərə ağac tingləri paylanıb, iştirakçılara isə sertifikat və hədiyyələr təqdim edilib.