"Təmiz Şəhər" ASC-nin dəstək verdiyi layihənin yekun təqdimat mərasimi keçirildi

29/12/2021 09:01

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən və xalqımızın həmrəyliyini rəmzi olaraq nümayiş etdirən “Qarabağ İlmələrdə” layihəsinin yekun təqdimat mərasimi keçirilib. 27 sentyabr tarixindən başlayan layihə çərçivəsində toxunması nəzərdə tutulan xalçaya müxtəlif bölgələrimizdən olan minlərlə insan İlmə vurub. Üzərində Şanlı Qələbəmizi simvolizə edən Xarı Bülbül nişanəsi olan Qarabağ “Çələbi” xalçası Vətən müharibəsində hər bir vətəndaşımızın həmrəyliyinin, zəhmətinin, birlik və bərabərliyinin rəmzi olaraq hazırlanıb. İlk ilmələri müharibə iştirakçıları tərəfindən vurulan xalçanın sonuncu ilmələri zəfər günü ərəfəsində Şuşada toxunub. Layihə çərçivəsində paralel olaraq “Qarabağ ilmələrdə” adlı sənədli filmi də hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə həyata keçirilən “Qarabağ İlmələrdə” layihəsi davam etdiyi müddət ərzində toxunan xalçanın kəsim mərasimi 28 dekabr tarixində, Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində həyata keçirilib. Şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Nizami Kino Mərkəzində baş tutan tədbirdə qonaqlar əvvəlcə filmi izləyiblər. Sonda isə şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova və şəhid Denis Əliyev - Proninin həyat yoldaşı Aynurə Əliyeva toxunan xalçanın kəsimini ediblər. Qeyd edək ki, filmin ssenari müəllifi Orxan Cabbarlı, quruluşçu rejissor Emil Babayev, rejissoru Bəhruz Qədirov, quruluşçu operatoru Böyükağa Nağıyevdir.