Məktəbli EKOkönüllü layihəsi ictimaiyyətə təqdim olundu

10/10/2022 17:40

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “Məktəbli EKOkönüllü” layihəsinin təqdimatı olub. Təqdimat mərasimi Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən yaradılan “Tullantıdan Sənətə”  muzeyində baş tutub. Tədbirdə “Təmiz Şəhər” ASC-nin, Xəzər Rayon İcra Hakimiyyətinin, Şərqi Zəngəzur Regonal Təhsil İdarəsinin, Kəlbəcər Rayon Təhsil Sektorunun nümayəndələri, Qala qəsəbəsində yerləşən ümumtəhsil məktəblərinin müəllimləri, rəhbər heyəti, həmin məktəblər üzrə layihə koordinatları və 5 məktəbdən 25-ə qədər “Məktəbli Ekokönüllü” iştirak edib. 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nofəl Şirinov bildirib ki, qlobal xarakter alan ekoloji problemlər hazırda hər bir yer sakinini və gələcək nəsilləri təhdid edir. Ətraf mühitin görünüşünü dəyişən, biomüxtəlifliyin növ zənginliyini azaldan, atmosfer havasını, torpağı və suyu çirkləndirən təbiətə atılan tullantılardır. Bütün ekoloji problemlərin əsasında demək olar ki, ətraf mühitə atılan tullantılar dayanır. Məişətdə əmələ gələn tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun olması, düzgün idarə edilməsi ekoloji vəziyyətin yaxşılaşmasına, insan sağlamlığına təsir göstərən əsas amillərdən biri hesab edilir. Mövcud problemlərin təsirinin azaldılması bu gün hər bir yer sakininin narahat etməlidir. Bu məqsədlə ölkəmizdə məktəblilər arasında “Ekokönüllü” şagirdlərin yetişdirilməsi və bu fəaliyyətin bütün ölkəyə yayılmasını zəruri hesab edirik.  

Layihə çərçivəsində Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəb mərkəz olmaqla   Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 216, 185, 92, 323 nömrəli məktəblərin şagirdləri bu layihəyə cəlb olunub. Dörd mindən çox  şagirdi əhatələyəcək “Məktəbli EKOkönüllü” layihəsi 5 ay müddətində davam edəcək və  şagirdlərə həm könüllülük, eyni zamanda ekoloji problemlərin aradan qaldırılması ilə bağlı əhəmiyyətli biliklər aşılanacaq.

Daha sonra çıxış edən “Təmiz Şəhər” ASC- nin şöbə müdiri Orxan Cabbarov qeyd edib ki, Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tullantıların idarə edilməsi “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir. Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində qalibi olan “Məktəbli Ekokönüllü” layihəsinin Qala qəsəbəsində yerləşən məktəbləri əhatələdiyini nəzərə alaraq “Təmiz Şəhər” ASC-layihə çərçivəsində çeşidlənmiş tullantıların daşınması, praktiki təlimlərin keçirilməsi və digər məsələlərin  həllində tərəfdaş kimi çıxış edəcək. 

Təqdimat mərasimində digər çıxış edənlər layihənin şagirdlərdə təbiətə sevgi aşılayacağını və Qala qəsəbəsində ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcəyini bildirərək, “ Məktəbli EKOkönüllülərə” uğurlar arzuladılar.

Daha sonra, orta məktəblərə yerləşdiriləcək çeşidləmə qutularından istifadə qaydaları izah edildi və “Məktəbli EKOkönülülər”ə tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırıcı bukletlər paylandı.