İşğaldan azad olunan ərazilərə yeni texnikalar göndərilir
15/05/2023 11:32
Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunan ərazilərdə ilk fəaliyyətə başlayan qurumlardan biri də “Təmiz Şəhər” ASC-dir. Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınaraq Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci il tarixində imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və Şuşa şəhərində tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi Cəmiyyətə həvalə edilib.İlkin mərhələdə ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində lazımi işlərin icrasına başlanılıb. Xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq şəhərin ərazisi illərlə yığılmış tullantılardan təmizləndi. Tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlər gətirilərək müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib. Hazırda müasir ekoloji və texnoloji yeniliklər nəzərə alınaraq quraşdırılan yeraltı konteynerlər, kağız, şüşə, metal-plastik və qarışıq olmaqla tullantıların 4 növdə çeşidlənməsi üçün infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.
Ölkə başçısının 2 iyul 2022-ci il tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması “Təmiz Şəhər” ASC-yə tapşırılıb. Cəmiyyət tərəfindən tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı infrastrukturun yaradılması üçün bu bölgədə poliqon yerləri müəyyənləşdirilib, alınan yeni texnikaların və avadanlıqların həmin ərazilərə göndərilməsinə başlanılıb. Yeni texnikalar ətraf mühitin mühafizəsi istiqamətində müasir yanaşmaların tətbiqinə imkan yaradacaq və tullantıların daşınması, yerləşdirilməsi, eləcə də zərərsizləşdirilməsi işini asanlaşdıracaq.




