Azərbaycanda təhsil alan əcnəbi tələbələrin iştirakı ilə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil edilib
15/11/2023 17:55
Ölkəmizin ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbənin iştirakı ilə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Əvvəlcə qonaqlar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesini izləyiblər. Sonra Balaxanı Sənaye Parkında da olan qonaqlar burada təkrar emal prosesini izləyiblər. Məlumat verilib ki, Sənaye Parkı 2017-ci ildən fəaliyyət göstərir və hazırda 25 rezident qeydiyyatdan keçərək 27 istiqamət üzrə təkrar emal prosesi ilə məşğul olur. Tur iştirakçıları Bakı bərk məişət tullantıların yandırılması zavodunda da olublar. Bildirilib ki, 2013-cü ildən istifadəyə verilən zavod il ərzində 500 min ton tullantını zərərsizləşdirmək gücündədir və 4G texnologiyası əsasında Avropanın ən sərt ekoloji norma və tələbləri çərçivəsində fəaliyyət göstərir. Qeyd olunub ki, zavodda tullantıların termik üsulla zərərsizləşdirilməsi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə olunur. Bu isə təxminən 100 min ev təsərrüfatının enerjiyə olan tələbatını ödəyir. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.