İşğaldan azad edilən ərazilərdə tullantıların idarə edilməsi ilə bağlı ictimai dinləmə keçirilib
19/01/2024 16:56
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən keçirilən ictimai dinləmədə bildirilib ki, işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin bir hissəsi kimi Kəlbəcər, Tərtər, Qubadlı, Ağdam, Laçın, Xocalı və Cəbrayılda müvəqqəti bərk məişət tullantıları poliqonlarının, Zəngilan və Füzuli rayonlarında isə ötürücü məntəqələrin qurulması nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, həmin rayonlarda poliqonlar və ötürücü məntəqələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri hazırlanıb və Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub. Mütəxəssislər tərəfindən baxılıb və ortaya çıxan məsələlərin həll olunması üçün işçi qaydada müəyyən razılaşmalar əldə edilib. Qeyd edək ki, ölkə başçısının 2 iyul 2022-ci il tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması “Təmiz Şəhər” ASC-yə tapşırılıb. Ötən müddət ərzində poliqon əraziləri mina və partlamamış hərbi sursatlardan təmizlənmiş, yolların kənarında müvəqqəti istiqamətləndirici və məlumatverici yol nişanları quraşdırılmış, poliqonlarının ərazisində müvəqqəti tullantı hücrələri hazırlanmışdır.İnşa olunan yaşayış məntəqələrində tullantı meydançaları quraşdırılmış,əmələ gələn tullantıların daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işini həyata keçirəcək xüsusi texnikalar alınaraq həmin ərazilərə göndərilmişdir. Hazırda ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlər davam etdirilir.