“30 mart Beynəlxalq Sıfır Tullantı Günü” ilə əlaqədar "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub
02/04/2024 11:30
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları üçün “30 mart Beynəlxalq Sıfır Tullantı Günü” ilə əlaqədar "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Məlumat turunun təşkilində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həssas kateqoriyalardan olan uşaq və yeniyetmələrin diqqətinin ətraf mühitin mühafizəsinə artırılmasıdır. Tur iştirakçıları əvvəlcə Balaxanı
bərk məişət tullantılarının çeşidlənməsi zavodunda olublar. Onlar zavodda çeşidləmə prosesini və tullantıların içərisindən tapılan dəyərli əşyaların sərgiləndiyi güşəni izləyiblər. Sonra tur iştirakçıları Balaxanı Sənaye Parkında tullantıların təkrar emalından əldə edilən məhsullara baxıblar.
Ekskursiya iştirakçılarına bərk məişət tullantılarının düzgün idarə edilməsinin vacib mərhələləri ilə bağlı məlumat verilib. Tullantıların çeşidlənməsi hesabına təkrar emalın həcminin artdığı vurğulanaraq, bu prosesdə cəmiyyətin hər bir üzvünün iştirakının vacib olduğu bildirilib. Sonda tur iştirakçılarına məlumatlandırıcı bukletlər paylanıb və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat turuna DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim alan həssas qruplara aid 20 benefisiar cəlb olunub. Benefisiarları “İnklüziv DOST” könüllüləri və Mərkəzin əməkdaşları müşayiət edib.