Bakı Avropa Liseyinin şagirdləri üçün məlumat turu təşkil edilib
03/12/2024 19:39
Bakı Avropa Liseyinin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil olunan məlumat turunda iştirak ediblər. Tur çərçivəsində iştirakçılar Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə tanış olublar. Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların idarə olunması, eləcə də təkrar emal prosesi haqqında məktəblilərə ətraflı məlumat verilib. Bildirilib ki, tullantıların təbiətə atılmasının qarşısını alaraq ətraf mühitin mühafizəsinə və xidmət edən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən fəaliyyət göstərir və təkrar emal müəssisələrini xammalla təmin edir. Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların yandırılması prosesini izləyən şagirdlərin nəzərinə çatdırılıb ki, zavod ən müasir ekoloji tələblərə cavab verir və 110 min mənzilin ehtiyacını ödəyəcək həcmdə elektrik enerjisi istehasal edir. Həmçinin qeyd olunub ki, tullantıların yandırılması nəticəsində yaranan dib külündən isə yol tikintisində istifadə etmək mümkündür. Əvvəldən nəzərdə tutulan proqrama uyğun olaraq Balaxanı Sənaye Parkına gələn şagirdlər burada tullantıların təkrar emalı prososesini müşahidə ediblər və tullantıların təkrar emalının qazandırdığı üstünlüklər onlara izah edilib. Sonda “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanıb və tullantıların düzgün idarə edilməsində hər kəsin rolu olduğu bildirilib.