“Məktəblinin dostu” layihəsi ilə əməkdaşlıq çərçivəsində maarifləndirici təlim keçirilib
17/12/2024 15:52
“Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli orta məktəbin şagirdləri üçün ətraf mühitin mühafizəsi və bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici təlim keçirilib. Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimdə ətraf mühitin mühafizəsində hər kəsin üzərinə düşən məsuliyyət və təbiətə biganə münasibətin yarada biləcəyi fəsadlar haqqında ətraflı məlumat verilib. Şagirdlərlə görüşdə tullantıların çeşidlənərək toplanmasının əhəmiyyəti vurğulanıb və bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanıb. Təlimdən sonra məktəbin həyətyanı sahəsində “Bizimlə böyüyən ağac” layihəsi icra olunub. “Təmiz Şəhər” ASC tərəfindən gətirilən “Eldar şamı” ağac cinsindən olan tinglər təlimdə iştirak edən şagirdlərin iştirakı ilə məktəbin həyətyanı sahəsində əkilib və ağaclara qulluq edilməsi şagirdlərə həvalə olunub.