“Təmiz Şəhər” ASC Sıfır Tullantı Forumunda təmsil olunub
21/10/2025 17:30
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov və Cəmiyyətin əməkdaşlarından ibarət nümayəndə heyəti Sıfır Tullantı forumunda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində olublar. Ölkənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə keçirilən forumda COP29 sədrliyi, müxtəlif ölkələrdən olan siyasətçilər, şəhər merləri və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən tərəflər bir araya gələrək tullantıların azaldılması ilə bağlı müzakirələr aparıblar.
Forum çərçivəsində sıfır tullantı həllərinin genişləndirilməsi, maliyyə resurslarının səfərbər olunması, davamlı fəaliyyət üçün güclü tərəfdaşlıqların qurulması məqsədilə real addımların atılmasının vacibliyi vurğulanıb. Forum çərçivəsində keçirilən görüşlərdə “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə bağlı məlumat verilib və tullantıların idarə olunması istiqamətində təcrübə mübadiləsi baxımından gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


