“Baker Hughes” şirkətinin nümayəndələri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə səfər ediblər

04/03/2026 14:22

"Baker Hughes" şirkətinin nümayəndələri üçün "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Tur zamanı qonaqlar tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi prosesini əyani şəkildə izləyiblər.
Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tullantıların ayrılması və təkrar emal müəssisələrinə göndərilməsi prosesi barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində nümayəndələr Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda da olublar. Qeyd olunub ki, 4G texnologiyası əsasında fəaliyyət göstərən və Avropanın ən sərt ekoloji norma və tələblərinə cavab verən zavod il ərzində 500 min tona qədər tullantını zərərsizləşdirmək gücünə malikdir.
Zavodda tullantıların termik üsulla emalı nəticəsində ildə 200 milyon kilovat-saata qədər elektrik enerjisi istehsal olunur. Bu həcmdə enerji təxminən 100 min ev təsərrüfatının illik elektrik tələbatını ödəməyə imkan verir.
Məlumat turu zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb, tullantıların effektiv idarə olunması sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.