WUF13-də tullantıların idarə olunması ilə bağlı panel müzakirə keçirilib
21/05/2026 14:45
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhərlərdə tullantıların idarə olunması və tullantıların dairəvi iqtisadiyyatda rolu ilə bağlı xüsusi sessiya keçirilib. Müxtəlif ölkələrdən şəhərsalma, ekologiya və kommunal idarəetmə sahəsində fəaliyyət göstərən mütəxəssislərin iştirak etdiyi sessiyada “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov çıxış edərək Bakı şəhərində tullantıların qəbulu və zərərsizləşdirilməsi sahəsində həyata keçirilən fəaliyyətlərdən, həmçinin dairəvi iqtisadiyyatın tərkib hissəsi olan təkrar emal istiqamətində görülən işlərdən danışıb.
Etibar Abbasov bildirib ki, tullantıların düzgün idarə olunması yalnız ekoloji məsələlərlə məhdudlaşmır, eyni zamanda şəhərlərin dayanıqlılığına, insanların sağlamlığına və resurslardan səmərəli istifadəyə birbaşa təsir göstərir. O qeyd edib ki, 2009-cu ildən Bakı şəhərində bərk məişət tullantılarının qəbulu və zərərsizləşdirilməsi prosesini həyata keçirən “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təhvil verilən tullantılar sistemli şəkildə idarə olunur. Tullantıların bir hissəsi Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək təkrar emala yönləndirilir, digər hissəsi isə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda termik üsulla zərərsizləşdirilərək elektrik enerjisi əldə olunur. Yanmaya və təkrar emala yararlı olmayan fraksiyalar isə sanitar poliqonda basdırılır.
Cəmiyyətin təsərrüfat sahələrindən olan Balaxanı Sənaye Parkında tullantılar təkrar emala cəlb edilərək 28 rezident tərəfindən müxtəlif yeni məhsullar istehsal olunur.
Diqqətə çatdırılıb ki, “Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarə edilməsi ilə yanaşı, nəqliyyat vasitələrinin utilizasiyası proqramını və təhlükəli tibbi tullantıların beynəlxalq standartlara uyğun şəkildə zərərsizləşdirilməsi işlərini də uğurla icra edir. Həmçinin vurğulanıb ki, Cəmiyyət tərəfindən tətbiq olunan dairəvi iqtisadiyyat yanaşmaları resurslardan daha səmərəli istifadəyə şərait yaradaraq Bakının dayanıqlı şəhər kimi inkişafına, ekoloji vəziyyətinin yaxşılaşmasına və daha sağlam şəhər mühitinin formalaşmasına müsbət təsir göstərib.
Sessiyada çıxış edən digər iştirakçılar da bildiriblər ki, tullantı idarəetmə sistemlərinin təkmilləşdirilməsi daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşmasına mühüm töhfə verir. Tədbir çərçivəsində dairəvi iqtisadiyyat sahəsində beynəlxalq təcrübələr və innovativ həllər ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.







