İsrailin Azərbaycandakı səfiri “Təmiz Şəhər” ASC-də olub
09/10/2018 16:10
İsrailin Azərbaycandakı səfiri Dan Stav və Səfirliyin digər əməkdaşları “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda və Balaxanı Sənaye Parkında olub.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov qurumun fəaliyyəti, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye parkları və sənaye zonalarında sahibkarlar və investorlar üçün yaradılmış imkanlar barədə məlumat verib. Bildirilib ki, təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlar üçün əlverişli şəraitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti fəaliyyət göstərir. Daha 12 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış 10 rezident yaxın zamanda fəaliyyətə başlayacaq.
Sonra Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ilə tanışlıq zamanı qonaqlara Zavodun ətraf mühitə mənfi təsirlərin azaldılmasındakı rolu barədə məlumat verilib. Bildirilib ki, 4-cü nəsil texnologiya ilə inşa edilən zavod Şərqi Avropada bu tipli ən müasir zavodlardandır. Müəssisə il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq, 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.
İsrailin Azərbaycandakı səfiri Dan Stav ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlərdən məmnunluğunu bildirib, “Təmiz Şəhər” ASC-nin bu sahədə işini yüksək qiymətləndirib.