Hər il insanlar tərəfindən təbiətə böyük həcmdə tullantı atılır. Bu tullantıların içərisində olan plastik qablar, sellofanlar, batareyalar təbiət üçün həddindən artıq təhlükəli hesab edilir. Həmin tullantılar nəinki bu günümüzü, eləcə də 100, 300 il sonrakı dövr üçün ciddi problem yaradır. Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da tullantıların düzgün idarə edilməsi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırılır və yeni yanaşmalar tətbiq edilir.

2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində“Tullantıdan Sənətə” muzeyinin yaradılması buna ən yaxşı misaldır.

Muzey eksponatlarının əsas hissəsi ni 2012-ci ildən etibarən ölkəmizdə keçirilən Beynəlxalq “Tullantıdan Sənətə” sərgisi çərçivəsində yaradılan əsərlər təşkil edir.

Bu muzeydə hazırda tullantıdan istifadə edilərək yaradılan 180-ə qədər müxtəlif sənət əsəri nümayiş olunur. Onlar plastik su qabları, sellofanlar, uşaq arabası, oyuncaqlar, maşın hissələri, siqaret kötükləri, tennis topları və insanların lazımsız hesab etdiyi müxtəlif tullantılardan hazırlanıb. Muzeyi gəzdikcə, dəmir parçalarından yaranan "Simurq" quşunu, taxta tullantılardan əmələ gələn atları, plastik qaşıq, çəngəl, bıçaqlardan yaranan balıq obrazını görmək mümkündür.

Muzey yerli sənətkarlarla yanaşı, dünyanın 40-dan çox ölkəsindən olan sənətkarların əsərlərini özündə birləşdirməsi ilə diqqəti cəlb edir.