Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi
Dünya Bankı ilə Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin məqsədi bərk məişət tullantılarının toplanması və utilizasiyasının davamlı və sistemli təşkili üçün aparılan islahatlara dəstək vermək olmuşdur. 2009-cu ildə layihə üzrə Azərbaycan Hökuməti və Dünya Bankı arasında kredit sazişi imzalanmış və layihədə nəzərdə tutulan tədbirlər üzrə fəaliyyətə başlanılmışdır. Layihə çərçivəsində Balaxanı poliqonunun təkmilləşdirilməsi, bərk məişət tullantılarının ətraf mühitə göstərdiyi təsirə nəzarət, mövcud poliqonun səmərəliliyinin artırılması, müasir standartlara uyğun avadanlıq və texnikanın alınması (körpü tərəziləri, buldozerlər və s.) kimi tədbirlər, o cümlədən tikinti işləri (hasarlama, tullantıların basdırılması, daxili yolların çəkilməsi və s.) maliyyələşdirilmiş və nəzərdə tutulduğu kimi yeni və müasir standartlara cavab verən poliqonun tikintisi həyata keçirilmişdir. Həmçinin, tullantıların toplanması üçün avadanlıq komponenti çərçivəsində, Bakı şəhərinin rayonlarında, o cümlədən tullantıların effektiv şəkildə toplanmadığı ərazilərdə xidmətin keyfiyyətinin artırılması məqsədilə yük maşınları və tullantı qutularının alınması maliyyələşdirilmişdir. Bundan əlavə, layihədən sonrakı investisiyaların texniki hazırlığı komponenti üzrə yeni tullantı poliqonlarının yaradılması üçün zəruri olan texniki-iqtisadi əsaslandırma və ətraf mühitə təsirin qiymətləndirilməsi və tullantıların toplanması sisteminin səmərəliliyi üçün yükboşaltma məntəqələrinin təşkili istiqamətində işlər aparılmışdır.