Nəqliyyat vasitəsinin utilizasiyaya verilmə qaydası
- nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür;
- utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalı;
- nvu.gov.az portalında qeydiyyatdan keçərək ərizə və tələb olunan sənədlər portala yüklənməklə utilizatorda növbə tutulmalı;
- nəqliyyat vasitəsi seçilmiş utilizatorun qəbul məntəqəsində təhvil verilməklə təsdiqedici sənəd əldə edilməlidir.
DİQQƏT:
Reyestrdə qeydiyyata alınmamış şəxslərin təsdiqedici sənəd (güzəşt və ya birdəfəlik ödəniş hüququ) vermək hüququ yoxdur!
Əgər təsdiqedici sənəd əldə etmək niyyətiniz varsa, nəqliyyat vasitəsini utilizatora təhvil verməzdən əvvəl həmin utilizatorun operator tərəfindən reyestrdə qeydiyyata alınıb-alınmamasını mütləq dəqiqləşdirin!
Nəqliyyat vasitəsinin utilizasiyaya qəbulu
Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müraciətlərin ilkin qəbulu nvu.gov.az.az portalı vasitəsilə həyata keçirilir.
Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir;
Utilizatorlar nəqliyyat vasitəsini utilizasiyaya qəbul edərkən aşağıdakı sənədləri tələb edirlər:
- nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;
- nəqliyyat vasitəsini utilizasiyaya vermək üçün sərəncam vermə hüququnu təsdiq edən (etibarnamə və ya digər) sənəd;
- nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;
- fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır.
Ərizəyə baxılması
Ərizəyə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır;
1. Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda:
- ərizənin qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir;
- ərizəçi həmin məlumatı aldığı gündən 10 (on) iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur;
- ərizəçi sənədlərdə və ya məlumatlarda aşkar olunmuş çatışmazlıq və ya uyğunsuzluqları vaxtında aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir.
Qeyd: çatışmazlıq və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra ərizəçinin yenidən müraciət etmək hüququ vardır.
2. Çatışmazlıq və ya uyğunsuzluq olmadıqda:
- utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt tərtib olunur;
- akta sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir;
- tərtib olunmuş aktın 1 (bir) nüsxəsi nəqliyyat vasitəsini utilizasiyaya vermiş şəxsə verilir.
Təsdiqedici sənədin verilməsi
- nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizator nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə təsdiqedici sənəd verir.
DİQQƏT:
Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə yalnız bir təsdiqedici sənəd verilə bilər.
Akt və təsdiqedici sənəd üzərində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş xüsusi seriya həkk edilmiş ciddi hesabat blankıdır.