Bakı Mühəndislik Universitetinin tələbə və müəllim heyəti “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil olunan məlumat turunda iştirak ediblər. Tur çərçivəsində iştirakçılar Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə tanış olublar. Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Balaxanı Sənaye Parkı və Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların idarə olunması, eləcə də təkrar emal prosesi haqqında da onlara geniş məlumat verilib. Bildirilib ki, illik gücü 200 min ton olan Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən fəaliyyət göstərir və ölkədə təkrar emal müəssisələrini xammalla təmin edən bu tipli ən böyük zavoddur. Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların yandırılması prosesini izləyən tələbələrin nəzərinə çatdırılıb ki, zavod ən müasir ekoloji tələblərə cavab verir və tullantıların yandırılmasından il ərzində 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil edilir. Həmçinin qeyd olunub ki, tullantıların yandırılması nəticəsində yaranan dib külündən yol tikintisində istifadə oluna bilər. Əvvəldən nəzərdə tutulan proqrama uyğun olaraq Balaxanı Sənaye Parkına gələn iştirakçılar tullantıların təkrar emalı prsosesini müşahidə ediblər və tullantıların təkrar emalının qazandırdığı üstünlüklərlə bağlı fikir mübadiləsi aparıblar. Sonda “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb, Bakı Mühəndislik Universitetinin tələbə-müəllim heyəti istehsal müəssisələrinə təşkil edilən belə səfərlərin onlar üçün çox faydalı olduğunu vurğulayıblar.
Bizimlə Əlaqə Saxlayın