TİSA (The İnternational School of Azerbaijan) məktəbinin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turunda iştirak ediblər. Əvvəlcə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda məktəblilər tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesini izləyiblər. Özləri ilə gətirdikləri kağız tullantılarını zavoda təhvil verən tur iştirakçıları sonra Balaxanı Sənaye Parkında təkrar emal prosesi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, Balaxanı Sənaye Parkında tullantıların təkrar emalından indiyə qədər 150 milyon manatdan çox dəyərdə məhsul istehsal olunub və bu məhsulların 10 %-ə qədəri xarici ölkələrə ixrac edilib.Tur çərçivəsində Bakı bərk məişət tullantıların yandırılması zavodunda da olan məktəblilərə Bakı şəhərində əmələ gələn bərk məşiət tullantılarının hər il 500 min tonunun bu zavodda yandırılaraq il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə edildiyi bildirilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və tullantıların düzgün idarə edilməsində hər kəsin dəstəyinin vacibliyi vurğulanıb.
Bizimlə Əlaqə Saxlayın