Azərbaycan Prezidenti Balaxanı Sənaye Parkının yaradılması haqqında Sərəncam imzalayıb

02/11/2010 11:00

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılsın. Müəyyən edilsin ki, Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.

İqtisadi İnkişaf Nazirliyinə Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görmək; Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi, habelə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkətin cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Balaxanı Sənaye Parkının idarə olunması “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilsin.

Nazirlər Kabinetinə üç ay müddətində Balaxanı Sənaye Parkının fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Balaxanıneft” Neftqazçıxarma İdarəsinin ərazisindən 7 hektar torpaq sahəsinin İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilməsini təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamda nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etmək; İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə sənaye parkında vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyi bu sərəncamın icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Prezidentinə mütəmadi olaraq məlumat versinlər.

Dövlət başçısı, həmçinin, Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İqtisadi İnkişaf Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.