“Yaşıl Top” sosial-ekoloji layihəsinə start verilib
16/09/2026 17:35
AFFA-nın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanada “Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə “Yaşıl Top” sosial-ekoloji layihəsinə start verilib. Layihənin təqdimatı SABIS SUN beynəlxalq məktəbində keçirilib. Tədbir çərçivəsində təkrar emal materiallarından hazırlanan simvolik “Yaşıl Top” məktəbə hədiyyə olunub, şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti və dayanıqlı ekoloji davranışlarla bağlı ətraflı məlumat verilib.
Tədbirdə Milli Məclisin deputatı, Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva, SABIS SUN beynəlxalq məktəbinin direktoru Fransua Enslin və layihənin ekoloji səfiri, məşhur futbolçu Qara Qarayev, iştirak ediblər. Çıxış edənlər ətraf mühitin qorunmasında birgə fəaliyyətin vacibliyini vurğulayaraq, hər kəsi ekoloji dayanıqlılığa töhfə verməyə çağırıblar.
“Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Gülnarə Məmmədova şagirdlərə tullantıların düzgün idarə olunması, meşələrin bərpası və dayanıqlı həyat tərzi ilə bağlı məlumat veriblər.
Beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Kamal Umudlu, həmçinin köməkçi hakim Sevda Nuriyeva da şagirdlərlə görüşüb və onlarla birlikdə məktəbin həyətində təşkil edilən ağacəkmə aksiyasında iştirak ediblər.
Qeyd edək ki, “Yaşıl Top” sosial-ekoloji layihəsi futbolun sosial təsir gücündən istifadə etməklə uşaqlar və futbol ictimaiyyəti arasında ekoloji dəyərlərin təşviqinə xidmət edir.
Layihə çərçivəsində ümumilikdə 10 məktəbdə futbolun təbliğinə və ekoloji maarifləndirməyə xidmət edən tədbirlərin keçirilməsi, tədris ilinin sonunda isə məktəblərarası ekoloji futbol turnirinin təşkili nəzərdə tutulur.











