2009-cu ilin 17 dekabr tarixində “Təmiz Şəhər” ASC-nin inzibati binasında görüş təşkil edilmişdir

17/12/2009 11:00

2009-cu ilin 17 dekabr tarixində “Təmiz Şəhər” ASC-nin inzibati binasında Balaxanı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi poliqonunun idarə edilməsi bərədə bir sıra qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüş təşkil olunmuşdur. QHT-rin dəvəti ilə görüşdə mətbuat orqanlarının nümayəndələri də iştirak etmişdirlər.

Görüşün keçirilməsinin əsas məqsədi “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı şəhər tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi poliqonunda görülmüş və görüləcək işlər barədə QHT-lərə məlumat verilməsidir.

Görüşdə “Sosial araşdırmalar mərkəzi” QHT-nin nümayəndəsi A.Əliyev, “Ekosfera” QHT-nin nümayəndəsi F.Sultanzadə, “Davamlı inkişaf mərkəzi” QHT-nin nümayəndəsi N.Aqayev, ”Milli ekoloji proqnozlaşdırma mərkəzi” QHT-nin nümayəndəsi T.Zeynalov, “Biznes Taym” jurnalının nümayəndələri K. Rəhimova, İ.Zeynalova, “Nedelya” qəzetinin nümayəndəsi L.Mustafayev və “Ekspert” jurnalının nümayəndəsi R.Şalbuzov iştirak etmişdirlər.

Görüşü giriş sözü ilə Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov açaraq, Balaxanı poliqonunda “Təmiz Şəhər” ASC-nin sərancamına keçdiyi dövrdən hal-hazırki vaxta qədər görülmüş işlər barədə qısa məlumat vermişdir. Bundan sonra qonaqlar tərəfindən Balaxanı poliqonuna və bərk məişət tullantılarının yandırılması zavoduna dair bir sıra suallara müvafiq cavablar verilmişdir.

Daha sonra qonaqlara Balaxanı poliqonunun əvvəlki vəziyyəti (tüstülü, zibilli dağlar və s.) haqqında film nümayiş etdirilmiş, fotoşəkillər göstərilmişdir. Hər bir qonağa Balaxanı poliqonu haqqında film və fotoşəkillər əks olunmuş CD-diskləri təqdim edilmişdir.

Cəmiyyətin inzibati binasında aparılan müzakirələrdən sonra görülmüş işləri əyani müşahidə etmək məqsədi ilə qonaqlar üçün Balaxanı poliqonuna gəzinti təşkil olunmuşdur.

Poliqonda qonaqları Cəmiyyətin İdarə Heyəti sədrinin müavini Etibar Abbasov qarşılayaraq görülən işlər haqqında qısa məlumat verdi. Burada, poliqon Cəmiyyətin sərancamına keçdikdən sonra (14 oktyabr 2009-cu il tarixdən) orada qısa müddət ərzində tüstülənmənin aradan qaldırılması, daxili yolların çəkilməsi, yeni tullantıların qəbuletmə meydançasının qurulması, sahənin hamarlanması və torpaqlanması, xüsusi çeşidləmə sahəsinin yaradılması, səyyar ofislərin quraşdırılması, mühafizə sisteminin yaradılması, daxil olan avtomaşınların və tullantıların həcminin ciddi qeydiyyatının aparılması, işçilərin təhlükəsizlik texnikasının tələblərinə uyğun geyim və ləvazimatlarla, gundəlik süd, qatıq və yeməklə təmin edilməsi, poliqon ətrafında yaşayan işsizlərin və qaçqınların işlə təmin edilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlər haqqında qonaqlara məlumat verildi.

Qonaqlar tullantıların qəbulu, boşaldılması və çeşidlənməsi prosesini əvvəldən axıra kimi əyani müşahidə etdilər və poliqonun əvvəlki vəziyyəti ilə müqayisə edərək öz müsbət fikirlərini bildirdilər. Tüstünün olmamasının bariz nümunəsi kimi qonaqlar gölün şəhər tərəfinin (Dərnəgül şossesi, mikrorayonlar) tam aydın müşahidə olunmasını qeyd etdilər. Eyni zamanda qonaqlar poliqonun işi ilə əlaqədar öz tövsiyyələrini verdilər.