“İçərişəhər”də bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi “Təmiz Şəhər” ASC ilə birgə həyata keçiriləcək.

15/02/2010 11:00

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yaranan bərk məişət tullantılarının daha səmərəli idarə edilməsi məqsədi ilə bu ilin fevral ayından etibarən “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə tullantıların çeşidlənməsi üzrə tədbirlərin həyata keçirilməsinə başlanılır.

İçərişəhərin “Dünya İrs”inə daxil olan ərazi kimi səhmanlı görkəminin təmin edilməsi 2010-cu il – “Ekologiya ili” ərzində mərhələli şəkildə reallaşdırılacaqdır.
“Təmiz Şəhər” ASC tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində İçərişəhər əhalisi, burada fəaliyyət göstərən təşkilatlar və Qoruğun qonaqları arasında maarifləndirmə işlərinin aparılması planlaşdırılır. Burada ictimai aksiyaların keçirilməsi və müxtəlif maarifləndirici təşviqat materiallarının paylanması əhalinin bərk məişət tullantıları ilə rəftarı haqqında biliklərinin artırılmasına xidmət edəcəkdir. Eyni zamanda ilkin mərhələdə üzvi və qeyri-üzvi tullantıların çeşidlənməsinə başlanacaqdır, Bu məqsədlə tullantıları ayırmaq üçün xüsusi işarələnmiş konteynerlərin Qoruq ərazisində yerləşdirilməsi, əhaliyə ikiseksiyalı tullantı qablarının və müxtəlif rəngli tullantı torbalarının paylanması nəzərdə tutulur.

Növbəti mərhələnin 2010-cu ilin ikinci yarısında başlanması planlaşdırılır. Həmin mərhələdə qeyri-üzvi tullantıların təkrar emala yararlı materiallar üzrə tam çeşidlənməsi üçün təkrar olaraq əhali arasında geniş maarifləndirmə proqramı həyata keçiriləcək və ərazidə müvafiq konteynerlər quraşdırılacaqdır.

Nəticə olaraq cari ilin sonunadək Qoruq ərazisində yaranan bərk məişət tullantılarının tam şəkildə çeşidlənməsi üzrə tədbirlər başa çatdırılacaqdır.