Avropa Yenidənqurma Bankının nümayəndələri ilə görüş keçirilmişdir

17/11/2022 16:51

Avropa Yenidənqurma və İnkişaf Bankının və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrində olublar. Cəmiyyətin İdarə Heyətinin sədri Etibar Abbasov Azərbaycanda tullantıların düzgün idarə olunması və təkrar emal sahəsində görülən işlər, əldə edilən uğurlarla bağlı qonaqlara məlumat verib. Qlobal iqlim dəyişmələrinin qarşısının alınmasında və ekoloji vəziyyətin yaxşılaşdırılmasında tullantıların düzgün idarə edilməsinin vacibliyi vurğulanan görüşdə ölkəmizin bu sahəni xüsusi diqqətdə saxladığı bildirilib. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı"nın icra olunduğu və bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair təsdiqlənən Milli Strategiyaya uyğun olaraq səmərəli fəaliyyətlərin həyata keçirildiyi qeyd edilib. Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması məqsədi ilə yeni sanitar poliqonun yaradılması, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi və Bakı bərk məişət tullantıların yandırılması zavodunun inşası, eləcə də Balaxanı Sənaye Parkının fəaliyyətə başlaması bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına imkan yaradıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzalanan sərəncamla təsis olunan “Təmiz Şəhər” ASC-nin müsbət təcrübəsi nəzərə alınaraq qurumun fəaliyyət dairəsinin genişləndirildiyi və Bakı şəhəri ilə yanaşı işğaldan azad edilən ərazilərdə də tullantıların idarə edilməsinin Cəmiyyətə həvalə edildiyi bildirilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdən sonra qonaqlar təsərrüfat sahələrində tullantıların zərərsizləşdirilməsi prosesini əyani şəkildə izləyiblər.