“BP-Azərbaycan” şirkətinin əməkdaşları üçün məlumat turu təşkil olunub

03/03/2023 17:46

“BP-Azərbaycan” şirkətinin əməkdaşları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turunda iştirak ediblər. Əvvəlcə qonaqlar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda tullantıların çeşidlənməsi prosesini izləyiblər. Sonra Balaxanı Sənaye Parkındakı iş prosesi ilə tanış olan şirkət əməkdaşlarına bildirilib ki, tullantıları təkrar email etmək məqsədi ilə 25 rezident qeydiyyatdan keçib və hazırda Sənaye Parkında 27 istiqamət üzrə məhsul istehsalı həyata keçirilir.
Həmçinin qonaqlar Bakı bərk məişət tullantıların yandırılması zavodunda da olublar. Qeyd olunub ki, 2013-cü ildən istifadəyə verilən bu zavod il ərzində 500 min ton tullantını zərərsizləşdirmək gücündədir və 4G texnologiyası əsasında Avropanın ən sərt ekoloji norma və tələbləri çərçivəsində fəaliyyət göstərir. Zavodda tullantıların termik üsulla zərərsizləşdirilməsi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə olunur. Bu isə təxminən 100 min ev təsərrüfatının enerjiyə olan tələbatını ödəyir. Yanma nəticəsində yaranan uçan kül xüsusi filtirlər vasitəsi tutularaq basdırılır, dib külü isə yol inşaatında istifadə edilir.

Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb və tullantıların ilkin çeşidlənməsi istiqamətində fəaliyyətlərin genişləndirilməsinin vacibliyi ifadə edilib.