“Yapı Kredi Bank”ın əməkdaşları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar

12/10/2023 16:11

"Yapı Kredi Bank”ın  əməkdaşları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turunda iştirak ediblər. Əvvəlcə qonaqlar Bakı bərk məişət tullantıların yandırılması zavodunda olublar. Məlumat verilib ki, zavod il ərzində 500 min ton tullantını zərərsizləşdirmək gücündədir və 4G texnologiyası əsasında Avropanın ən sərt ekoloji norma və tələbləri çərçivəsində fəaliyyət göstərir. Zavodda tullantıların termik üsulla zərərsizləşdirilməsi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə olunur. Bu isə təxminən 100 min ev təsərrüfatının elektrik enerjisinə olan tələbatını ödəyir. Sonra qonaqlar Balaxanı Sənaye Parkında və Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodundunda tullantıların çeşidlənməsi, eləcə də təkrar emal prosesini izləyiblər. Bildirilib ki, 100 min ton tullantını çeşidləmək gücündə olan zavod təkrar emalla məşğul olan sahibkarları xammalla təmin edir. Qeyd edilib ki,hazırda Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı ilə məşğul olan 25 rezident qeydiyyatdan keçib və 27 istiqamət üzrə məhsul istehsalı həyata keçirilir. 2017-ci ildən fəaliyyətə başlayan Balaxanı Sənaye parkına ötən müddət ərzində 51 milyon manatdan çox investisiya qoyulub və ötən müddət ərzində 200 milyon manata qədər dəyərdə məhsul satışa çıxarılıb. İstehsal olunan məhsulun 10%-ə qədəri xarici ölkələrə ixrac edilib. 

Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb və tullantıların düzgün idarə edilməsində ilkin çeşidləmə mərhələsinin vacibliyi  qeyd olunaraq  bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi ifadə edilib.