“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər Balaxanı Sənaye Parkında olublar

06/05/2024 14:13

299 saylı məktəbin müəllim və şagird heyəti üçün Balaxanı Sənaye Parkında təkrar emal prosesi ilə yaxından tanış olmaları məqsədilə məlumat turu təşkil edilib. Təsərrüfat sahəsində qonaq olan məktəblilərə təkrar emal prosesi əyani şəkildə göstərilib. Tur iştirakçılarına təbiətə atılan tullantıların səbəb olduğu təhlükələrlə bağlı ətraflı məlumat verilib və təkrar emal prosesinin üstünlüklərindən danışılıb. Bərk məişət tullantılarının düzgün idarə olunmasında ilkin çeşidləmənin vacibliyi və bu işdə hər kəsin rolu olduğu vurğulanıb. Şagirdlərə məlumatlandırıcı bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb. Məktəblilər tur çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı şüarlar səsləndirib və hər kəsi ətraf mühitin mühafizəsində diqqətli olmağa çağırıblar.