“PMD Projects” əməkdaşları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar
01/11/2024 10:11
“PMD Projects”in nümayəndələri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Tur ərzində şirkətin əməkdaşları tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdiriləməsi prosesini əyani şəkildə müşahidə ediblər. Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qonaqlara tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesi nümayiş etdirilib.
Balaxanı Sənaye Parkında isə təkrar emal imkanları və burada sahibkarlar üçün yaradılan şərait haqqında məlumat verilib. Qeyd edilib ki, hazırda Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı ilə məşğul olan 27 rezident qeydiyyatdan keçib. 2017-ci ildən fəaliyyətə başlayan Balaxanı Sənaye parkına ötən müddət ərzində 53 milyon manatdan çox investisiya qoyulub və tullantılardan istifadə edilərək 229 milyon manat həcmində məhsul istehsal olunub. Əldə olunan məhsulun 10%-ə qədəri isə xarici ölkələrə ixrac edilib.
Şirkətin əməkdaşları tur çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavoduna da səfər ediblər. Bildirilib ki, 4G texnologiyası əsasında Avropanın ən sərt ekoloji norma və tələblərinə uyğun səviyyədə fəlaiyyət göstərən zavod il ərzində 500 min ton tullantı zərərsizləşdirmək gücündədir. Zavodda termik üsulla tullantıların zərərsizləşdirilməsi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə olunur. Bu isə təxminən 100 min ev təsərrüfatının elektrik enerjisinə olan tələbatını ödəyir.
Sonda “PMD Projects” şirkəti ilə “Təmiz Şəhər” ASC-nin gələcək əməkdaşlıq imkanları müzakirə edilib və şirkətin fəaliyyəti zamanı əmələ gələn bərk məişət tullantılarının təkrar emala yönləndirilməsi ilə bağlı birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.