COP29-un ilk günündə dayanıqlılıq mövzusuna dair tədbir keçirilib

12/11/2024 10:44

COP29 Sədrliyi tərəfindən konfransın birinci günündə icmaların iştirakı, yaşıl keçid, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən tədbir təşkil edilib. Əsas müzakirə mövzusu iqlim fəaliyyəti və karbon neytrallığı olan panel müzakirədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndəsi Ayan Nəcəf, COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, "Təmiz Şəhər" ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və karbon bazarları üzrə ekspert Deyv Roz iştirak edib.
"Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları" mövzusunda maraqlı tərəfləri bir araya gətirən tədbirdə “Təmiz Şəhər” ASC-nin ətraf mühitin mühafizəsi və bərk məişət tullantılarının düzgün idarə edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib.
Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən tədbirdə bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə yanaşı bərpa olunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzular müzakirə olunub.