“ADA Yay Məktəbi”nin iştirakçıları üçün "Tullantıdan Sənətə" muzeyinə ekskursiya təşkil olunub.

21/06/2025 15:58

“Təmiz Şəhər” ASC-nin dəstəyi ilə ADA İbtidai Məktəbində təşkil edilən Yay Məktəbi çərçivəsində iştirakçılar “Tullantıdan Sənətə” muzeyində olublar. Şagirdlərə muzeyin fəaliyyəti və burada nümayiş olunan incəsənət nümunələri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, muzeyin  eksponatları tullantılardan istifadə olunaraq hazırlanıb.
Yay məktəbinin proqramına uyğun olaraq muzeydə şagirdlər üçün ətraf mühitin mühafizəsi və tullantıları necə azalda biləcəkləri ilə bağlı ustad dərsi də təşkil edilib. Ekskursiyanın sonunda şagirdlər özləri ilə gətirdikləri lazımsız hesab etdikləri əşyalardan müxtəlif əl işləri düzəldərək tullantıların təbiətə atılmasının qarşısını almağın mümkünlüyünü əyani şəkildə nümayiş etdiriblər.
Qeyd edək ki,  “Tullantıdan sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Qala” Tarix-Etnoqrafiya Qoruğunun ərazisində “Təmiz Şəhər” ASC tərəfindən  yaradılıb və muzeydə dünyanın 46 ölkəsindən olan yaradıcı şəxsin 100-dən çox əl işi nümayiş olunur.