“Təmiz Şəhər” ASC-də SAP S/4HANA proqram təminatının tətbiqinə başlanılıb

19/03/2026 11:28

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanında uyğun olaraq “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın həyata keçirilməsi üzrə tədbirlər planının dövlət qurumları daxilində idarəetmə proseslərinin rəqəmsal şəkildə həyata keçirilməsi tapşırılmışdır. Tapşlrığa uyğun olaraq “Təmiz Şəhər” ASC-də müəssisə resurslarının planlaşdırılması üzrə ən qabaqcıl proqram təminatı olan SAP S/4HANA tətbiqi layihəsi uğurla tamamlanaraq sistem istifadəyə verlib. Bu münasibətilə “ORBİTSON CO.” MMC şirkətinin nümayəndələri ilə “Təmiz Şəhər” ASC-də görüş keçirilib.

Görüş zamanı bildirilib ki, SAP S/4HANA proqramına uğurla keçid rəqəmsal transformasiya layihəsi olmaqla sürətli yaddaşdaxili verilənlər bazası ilə real vaxt rejimində məlumatların təhlilinə və biznes proseslərinin optimallaşdırılmasına imkan yaradır. İnteqrasiya olunmuş platforma biznes proseslərinin səmərəliliyini və çevikliyini artırmaq üçün birlikdə qüsursuz işləyən hərtərəfli modullar təklif edir. SAP S/4HANA həmçinin şirkətlərin gələcəyə hazırlıqlı olmaları üçün süni intellekt və maşın öyrənməsi kimi yeni texnologiyalara inteqrasiya etmək üçün baza infrastrukturu formalaşdırır.

Diqqətə çatdırılıb ki, layihə “Greenfield” transformasiya layihəsi olmaqla - ən yaxşı idarəetmə təcrübələrinin tətbiq edilməsi və sıfırdan yeni bir sistem qurulması ilə həyata keçirilmişdir. Layihə çərçivəsində Maliyyə Uçotu (FI), Fondların İdarə Edilməsi (FM), Satış (SD), Satınalma və Materialların İdarə Edilməsi (MM), İnsan Kapitalının İdarə Edilməsi (HCM) və Təmir/Texniki Xidmət (PM) modulları tətbiq edilmişdir. Bundan əlavə, layihə çərçivəsində Tullantıların Məlumat Sistemi ilə SAP S/4HANA arasında məlumatların inteqrasiyası işləri aparılmış və bununla da gəlirlərin tam avtomatlaşdırılmış uçotuna nail olunmuşdur.

Qeyd edək ki, layihə, SAP-ın Azərbaycandakı rəsmi tərəfdaşı olan “ORBİTSON CO.” MMC ilə əməkdaşlıq çərçivəsində, plana uyğun olaraq 12 ay ərzində işlənərək tamamlanmış və bu müddət ərzində məlumatların standartlaşdırılması, istifadəçi təlimləri, çoxmərhələli testlər və pilot tətbiqlər tam şəkildə həyata keçirilmişdir.