Türkiyəli iş adamları Balaxanı Sənaye Parkında olublar

06/05/2026 12:10

Azərbaycanda səfərdə olan Türkiyənin Alaniya Ticarət və Sənaye Palatasının nümayəndə heyəti üçün Təmiz Şəhər ASCnin təsərrüfat sahələrindən biri olan Balaxanı Sənaye Parkına məlumat turu təşkil edilib. Qonaqlara sənaye parkında yaradılmış əlverişli biznes mühiti, rezidentlər üçün tətbiq olunan güzəştlər və vergi azadolmaları, eləcə də həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Balaxanı Sənaye Parkı tullantıların təkrar emalı və “yaşıl iqtisadiyyat” prinsipləri əsasında fəaliyyət göstərən, 28 rezidentin fəaliyyət göstərdiyi sənaye zonasıdır. Qeyd olunub ki, 2017-ci ildən indiyədək sənaye parkına sahibkarlar tərəfindən 57 milyon manat həcmində investisiya yatırılıb, 416 milyon manat dəyərində məhsul istehsal edilib, 32 milyon manatlıq məhsul ixrac olunub və 1400-ə yaxın yeni iş yeri yaradılıb.

Səfər çərçivəsində Balaxanı Sənaye Parkında müxtəlif istehsal sahələrində təkrar emal prosesi ilə yaxından tanış olan qonaqlarla gələcək əməkdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.