V Uşaq Kitab Festivalında tullantı kağızlar yeni kitablarla dəyişdirildi
18/05/2026 10:26
“KAĞIZ GƏTİR-KİTAB APAR” sosial-ekoloji aksiyanın növbəti ünvanı Bakı İdman Sarayında keçirilən V Uşaq Kitab Festivalı olub. Aksiya zamanı şagirdlər evlərindən tullantı kağızları gətirərək, əvəzində yeni kitablar əldə ediblər. Toplanan kağızlar isə “Təmiz Şəhər” ASC tərəfindən təkrar emala yönləndirilib.
Layihənin əsas məqsədi uşaqlarda ekoloji məsuliyyəti artırmaq, tullantıların çeşidlənməsi vərdişlərini formalaşdırmaq və mütaliəni təşviq etməkdir. Festival iştirakçıları tərəfindən aksiya böyük maraqla qarşılanıb, bu təşəbbüs həm maarifləndirici, həm də sosial baxımdan əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilib. Ekoloji maarifləndirmə istiqamətində bu kimi sosial-ekoloji aksiyanın davamlı şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. “KAĞIZ GƏTİR – KİTAB APAR” sosial-ekoloji layihəsinin davamlı olaraq ekoloji təqvim günlərində, kitab sərgilərində və digər məkanlarda davamlı olaraq keçiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, bu layihə “Təmiz Şəhər” ASC və Bakı Avropa Liseyinin təşkilatçılığı, Azərbaycan Nəşriyyatları Assosiasiyası, “Global Media Group”, “Global Management”, “Bravo Supermarket”, “Smart Waste” MMC, “Chapar Poliqrafiya”, “Gilavar Foto Klubu”, “EcoHub” və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.













