WUF13-də plastik çirklənmə və dairəvi iqtisadiyyat müzakirə mövzusu olub

22/05/2026 12:54

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Plastik çirklənmə ilə mübarizə: yaşana bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda tədbir təşkil edilib. Panel müzakirələrində "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev iştirak edərək Cəmiyyətin təsərrüfat sahələrində tullantıların idarə edilməsi və təkrar emal sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib.

Qeyd edilib ki, "Təmiz Şəhər" ASC Bakı şəhərində bərk məişət tullantılarının qəbulu və zərərsizləşdirilməsi prosesini həyata keçirir. Cəmiyyətin təsərrüfat sahələrinə təhvil verilən tullantılar çeşidlənərək təkrar emala yönləndirilir və bu prosesdə plastik tullantılar xüsusi paya malikdir.

Diqqətə çatdırılıb ki, Balaxanı Sənaye Parkında qeydiyyatdan keçən rezidentlər arasında plastik tullantıların təkrar emalı ilə məşğul olan rezidentlər də fəaliyyət göstərir. Bu rezidentlər tullantı plastiklərin emalını həyata keçirərək onların yenidən istehsal dövriyyəsinə qaytarılmasını təmin edirlər.

Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və ekologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edərək plastik tullantıların ətraf mühitə təsiri, dairəvi iqtisadiyyatın əhəmiyyəti və dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində müasir yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, şəhər mühitinin əsas çirkləndiricilərindən biri olan plastik tullantıların azaldılmasına yönələn təşəbbüslərin və fəaliyyətlərin dəstəklənməsi çox vacibdir.