WUF13-də iştirak edən Malayziya nümayəndə heyəti “Təmiz Şəhər” ASC-də olub
22/05/2026 17:38
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində ölkəmizə səfər edən Malayziya nümayəndə heyəti “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri ilə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov arasında görüş keçirilib, tullantıların idarə olunması sahəsində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı qonaqlara Bakı şəhərində bərk məişət tullantılarının qəbulu, çeşidlənməsi, təkrar emalı və zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Təmiz Şəhər” ASC tərəfindən tətbiq olunan müasir idarəetmə yanaşmaları tullantıların ətraf mühitə təsirinin azaldılmasına, resurslardan səmərəli istifadəyə və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına xidmət edir.
Nümayəndə heyətinə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Balaxanı Sənaye Parkının fəaliyyəti barədə geniş məlumat təqdim olunub. Qeyd edilib ki, Yandırılma Zavodunda tullantılar termik üsulla zərərsizləşdirilərək elektrik enerjisi istehsal olunur, çeşidlənmə zavodunda isə təkrar emala yararlı tullantılar ayrılaraq istehsal müəssisələrinə yönləndirilir.
Diqqətə çatdırılıb ki, 2009-cu ildən fəaliyyət göstərən “Təmiz Şəhər” ASC ilkin mərhələdə Bakı şəhərində bərk məişət tullantılarının qəbulu və zərərsizləşdirilməsini həyata keçirsə də, ötən müddətdə əldə olunan müsbət təcrübə Cəmiyyətin fəaliyyət istiqamətlərinin və əhatə dairəsinin genişlənməsinə imkan yaradıb. Hazırda Cəmiyyətin fəaliyyəti Bakı ilə yanaşı işğaldan azad olunmuş əraziləri də əhatə edir. Eyni zamanda, bərk məişət tullantılarının idarə olunması ilə yanaşı, təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi və nəqliyyat vasitələrinin utilizasiyası da Cəmiyyətin fəaliyyət istiqamətlərinə daxildir.
Səfər çərçivəsində tərəflər tullantıların idarə olunması, tullantıdan enerji istehsalı və yaşıl texnologiyaların tətbiqi sahəsində beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsi aparıblar.
Qonaqlar Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, göstərilən qonaqpərvərlikdən və forum çərçivəsində keçirilən səmərəli görüşlərdən məmnunluq ifadə ediblər.





