Krans Montana Forumu çərçivəsində Sabahın Yeni Liderləri Azərbaycanlı nümayəndələr seçilmişdir

12/03/2012 11:54

Martın 9-da Brüsseldə Sabahın Yeni Liderlərinin Krans Montana Forumu keçirilmişdir. Tədbirdə biznes və idarəetmə sahəsində professional nailiyyətlərinə və liderlik təcrübəsinə əsasən seçilmiş gənc liderlər iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Adil Məmmədov Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı, eləcə də gəncliyin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları barədə məlumat vermişdir.
Forumda AZPROMO rəhbəri Adil Məmmədov və “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Sabahın Yeni Lideri” adlarına layiq görülmüşdur.
Azərbaycanla yanaşı, tədbirdə həmçinin Niderland, Fransa, Yəmən, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və digər ölkələrdən olan Sabahın Yeni Liderləri iştirak etmiş və müasir dünyanı narahat edən məsələlər müzakirə edilmişdir.

Foruma Sabahın Yeni Liderləri seçilərkən təmsil etdikləri ölkələr və rəhbərlik etdikləri qurumlar tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən məlumatlılığın artırılması, işgüzar əlaqələrin qurulması, təbliğat xarakterli tədbirlərin təşkili, eləcə də bu təşkilatların ölkənin ümumi sosial-iqtisadi inkişafına göstərdikləri dəstək nəzərə alınmışdır.

Qeyd: Krans Montana Forumu çərçivəsində Sabahın Yeni Liderləri 3 il müddətinə seçilir. Bu müddət ərzində üzvlər Krans Montana Forumu tərəfindən təşkil edilən bütün yüksək səviyyəli tədbirlərdə qeydiyyat haqqı ödəmədən və məhdudiyyət olmadan iştirak edir, dünyanın peşəkar şəbəkələri ilə əlaqələrin genişləndirilməsi imkanı əldə edir, dəvət olunduqları regional və beynəlxalq tədbirlərin gündəliyinə müvafiq təşəbbüs və təkliflər irəli sürə bilirlər.