Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə təmizlik aksiyası keçirilib.

24/09/2021 11:01

Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 18-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

“Sahillər təmiz qalsın” şüarı altında Bilgəh çimərliyi ərazisində təşkil edilən aksiyaya Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, 100 nəfərdən çox könüllü gənc, tərəfdaş təşkilatların nümayəndələri qoşulub.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan tullantıları müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Öz fəaliyyətində maarifləndirməyə xüsusi önəm verən IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir.

Tullantıların ətraf mühitə törətdiyi mənfi nəticələri, o cümlədən tullantılar səbəbindən biomüxtəlifliyə vurulan zərər və itkiləri nəzərə alaraq, IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC hər kəsi planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır.