“Qarabağ ilmələrdə” adlı xüsusi layihənin açılış mərasimi keçirilib.

05/10/2021 15:00

  Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və 44 günlük Vətən müharibəsinin sonunda düşmən üzərində tarixi zəfər çaldı. Yaddaşlarımıza əbədi olaraq  həkk olunan Vətən müharibəsinin ildönümü münasibəti ilə Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-yi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC  xüsusi layihəyə başlayıb. “Qarabağ İlmələrdə” adlanan sosial layihə çərçivəsində vətəndaşlarımıza 2021-ci il sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada  xüsusi avtomobillə daşınacaq “Qarabağ xalçası”na bir ilmə vurmaq təklif olunacaq. Həm Bakıda, həm də regionlarda çoxlu sayda insanımızın qoşulması planlaşdırılan sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. Layihə davam etdiyi müddət ərzində  silsilə videoçarxlar və «Qarabağ İlmələrdə» adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur. 28 sentyabr tarixində keçirilən açılış mərasimində layihə tərəfdaşları ilə yanaşı Vətən müharibəsində iştirak etmiş “Azərxalça” ASC-nın əməkdaşları da iştirak ediblər. Mərasimi “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov açıq elan edərək hər kəsi salamlayıb və layihənin vacib məqamlarından söz açıb. Daha sonra  “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və  birliyin üzvü, “Qarabağ İlmələrdə” layihəsinin rəhbəri Orxan Cabbarov  çıxış edərək belə bir layihənin ərsəyə gəlməsindən məmnun olduqlarını və cəmiyyət tərəfindən də layihənin dəstək görəcəyinə əminliklərini ifadə ediblər. Tədbir iştirakçıları sırasında Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və “Azərxalça” ASC-nin İdarə Heyətinin üzvləri və əməkdaşları da olub.