ABŞ səfirliyinin əməkdaşları “Təmiz Şəhər” ASC-də olublar

02/12/2021 15:37

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin Yaşıl Komitə üzvləri Azərbaycanda tullantıların idarə edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə tanış olmaq məqsədi ilə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə səfər ediblər. Tur iştirakçıları bərk məişət tullanıtılarının idarəolunması istiqamətində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən fəaliyyətlərlə və Balaxanı Sənaye Parkında görülən işlərlə yaxından tanış olublar. Təşkil edilən məlumat turunda Bakı bərk məişət tullantılarının yandırılması, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodlarının və Balaxanı Sənaye Parkının iş prosesini izləyən  iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, illik gücü 200 min ton olan bu zavod 2012-ci ildən fəaliyyət göstərir və ölkədə təkrar emal müəssisələrini xammalla təmin edən bu tipli ən böyük zavoddur. 

Müxtəlif növ tullantıların (kağız,şüşə,plastik və.s) çeşidlənməsi nəticəsində əldə olunan xammal 2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkının rezidentlərinin ehtiyaclarını təmin edir. Məlumat turu çərçivəsində Balaxanı Sənaye Parkında olan səfirlik əməkdaşları burada fəaliyyət göstərən müəssisələrin təkrar emal prosesini izləyiblər və onlara mövcud imkanlar haqqında geniş məlumat verilib. Əvvəldən nəzərdə tutulan proqram üzrə qonaqlar Bakı bərk məişət tullantılarının yandırılması zavodunda da olublar. Bildirilib ki, ən müasir ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən bu zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantının utilizasiyasını həyata keçirmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. Həmçinin qeyd olunub ki, tullantıların yandırılması nəticəsində yaranan dib külündən  yol titikintisində istifadə oluna bilər. 

Məlumat turu çərçivəsində qonaqların sualları cavablandırılıb və onlara “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən broşürlər təqdim olunub.