“Təkrar emal” günü ekokönüllülər Balaxanı Sənaye Parkında olublar

18/03/2022 15:58

18 mart bütün dünyada təkrar emal günü kimi qeyd edilir. Bu münasibətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekokönüllüləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar. Təkrar emala diqqət çəkmək məqsədi ilə gənclər evlərində çeşidlədikləri tullantıları gətirərək, Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlərə təhvil veriblər. Tullntılardan təkrar məhsul istehsal edən müəssisələrdə iş prosesi ilə tanış olan könüllüllərə ətraflı məlumat verilib. Bildirilib ki, burada fəaliyyət göstərən müəssisələrin xammalı əsasən tullantılardır. İlkin mərhələdə Balaxanı Sənaye Parkında işlənmiş mühərrik, hidravlik və qida yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı sahələri üzrə cəmi 8 rezident fəaliyyət göstərirdi. Sonrakı dövrlərdə isə sənaye parkına artan ciddi maraq nəticəsində hazırda 25 rezident qeydiyyatdan keçib və 28 fəaliyyət sahəsi üzrə 17 rezident istehsalla məşğuldur. 800-dən çox insanın çalışdığı Balaxanı Sənaye Parkında indiyə qədər 99,5 milyon manatlıq məhsul istehsal olunub və 12,2 milyon manat dəyərində məhsul müxtəlif ölkələrə ixrac edilib. Təkrar emal imkanlarının genişlənməsinin daha çox ilkin çeşidləmədən asılı olduğu diqqətə çatdırılaraq bu istiqamətdə birgə fəaliyyətin səmərəli olacağı vurğulanıb.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi və təbii sərvətlərin tükənməsinin qarşısını almaqda təkrar emalın rolu nəzərə alınaraq, 2019-cu ildən etibarən mart ayının 18-i “Təkrar emal” günü elan edilib.