Latviya şirkətinin nümayəndələri "Təmiz Şəhər" ASC-nin fəaliyyəti ilə tanış olublar

06/05/2022 23:47

Latviyanın “Cleantech” şirkətinin nümayəndələri ölkəmizə işgüzar səfər çərçivəsində “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar. Ətraf mühitin mühafizəsi və yaşıl texnologiyaların tətbiqi istiqamətində təcrübə mübadiləsi və mümkün əməkdaşlığı müzakirə etmək məqsədi ilə gələn qonaqlara Bakı şəhərində əmələ gələn bərk məişət tullantılarının idarə olunması haqqında ətraflı məlumat verilib.
Bakı bərk məişət tullantıların yandırılması zavodunda olan qonaqlara bildirilib ki, 2012-ci ildən istismara verilən bu zavod 4G texnologiyası əsasında Avropanın ən sərt ekoloji norma və tələbləri çərçivəsində fəaliyyət göstərir. Burada tullantıların termik üsulla zərərsizləşdirilməsi nəticəsində il ərzində 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə olunur və ölkədə istehsal olunan alternativ enerjinin həcminin artmasına xidmət edir.
Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda çeşidləmə prosesini və Balaxanı Sənaye Parkında təkrar emal müəssisələrindəki iş prosesini izləyən qonaqlara məlumat verilib ki, burada təkrar emal üçün yararlı olan müxtəlif növ tullantılar ayrılaraq istehsal müəssisələrinə göndərilir. 2017-ci ildən başlayaraq Sənaye parkında tullantıları təkrar emal edən rezidentlər tərəfindən ötən müddət ərzində 100 milyon manatdan çox dəyərdə istehsal olunan məhsulun 10 %-ə qədəri xarici ölkələrə ixrac olunub.
Qeyd edilib ki, ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyatın artımına dəstək vermək məqsədi ilə burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən, istehsal məqsədilə idxal edilən texnoloji avadanlıqlar 10 il müddətinə ƏDV-dən, 7 il müddətinə isə idxal rüsumundan azad edilir. Latviyanın ölkəmizdəki səfirliyinin nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının müşaiyət etdiyi qonaqlara sonda “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən bröşürlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.