IX Beynəlxalq "Tullantıdan sənətə" sərgisinin açılış mərasimi baş tutub
26/05/2024 13:06
Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə növbəti, IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib.
Ənənəvi olaraq keçirilən “Tullantıdan sənətə” sərgisində bu il 9 müxtəlif ölkələdən dəvət olunan 12 xarici və 18 yerli sənət adamı “Sülh üçün yarat” mövüzusunda tullantılardan və lazımsız hesab edilən əşyalardan düzəltdikləri incəsənət nümunələrini nümayiş etdiriblər.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə və Azərbaycanda keçiriləcək COP29-a hazırlıq öncəsi ətraf mühitin mühafizəsinə xidmət edən bu təşəbbüsə dünyanın fərqli ölkələrindən qoşulan yaradıcı şəxslər əsərlərinin məzmununda ekoloji problemlərin aradan qaldırılması ilə yanaşı sülhə çağırış edirlər.
Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyində təşkil olunan sərginin əsas məqsədi insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, tullantıların həcmini azaltmaq və lazımsız hesab edilən əşyaların yaradıcı şəxslərin toxunuşu ilə sənət əsərinə çevrilə biləcəyini əyani şəkildə göstərməkdir.
2012-ci ildən ənənəvi olaraq keçirilən sərgidə ötən müddət ərzində dünyanın 46 ölkəsindən 200-dən çox yaradıcı şəxs iştirak edib və onların əl işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun ərazisində yaradılan “Tullantıdan sənətə” muzeyində ziyarətçilərə təqdim olunur.