Dünya Bankının nümayəndələri ilə “Təmiz Şəhər” ASC-də görüş olub
13/03/2025 17:14
Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti və ölkə üzrə meneceri Stefanie Stallmeister ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində görüş keçirilib. Görüş zamanı Cəmiyyətin İdarə Heyətinin sədri Etibar Abbasov tullantıların düzgün idarə olunması və təkrar emal sahəsində görülən işlər, əldə edilən uğurlarla bağlı qonaqlara məlumat verib.
Dünya Bankı ilə Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi yada salınaraq ötən müddət ərzində gözlənilən nəticələrin uğurlu olduğu bildirilib.
Qonaqlar “Təmiz Şəhər” ASC-nin bərk məişət tullantılarının idarə edilməsi sahəsindəki əldə etdiyi müsbət təcrübəni və Cəmiyyətin ətraf mühitin mühafizəsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşdə Dünya Bankının Azərbaycanda tullantıların düzgün idarə olunmasına dəstək göstərməkdə maraqlı olmasından məmnunluq ifadə edilib və gələcək əməkdaşlıqların perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.